19 İyun, saat 12:00-da Kempinski otelində (Quba zalı) Azərbaycan Milli Avtomobil Klubunun – “Yol Hərəkəti Təhlükəsizliyi Praktikada” adlı rəsmi tədbiri keçirildi. Tədbirdə iştirak etdilər: Beynəlxalq Avtomobil Federasiyasının və Yol Hərəkəti Təhlükəsizliyi üzrə BMT Baş Katibinin rəsmi nümayəndəsi, cənab Jan Todt; Milli Məclisin üzvü; Nazirliklərin və Dövlət Agentliklərinin nümayəndələri; Azərbaycana təyin edilmiş diplomatik missiyaların nümayəndələri; bank, sığorta şirkətlərinin, avtomobil dilerlərinin nümayəndələri və avtomobil ictimaiyyətinin nümayəndələri.
“Yol Hərəkəti Təhlükəsizliyi Praktikada” tədbiri yol hərəkəti təhlükəsizliyi məsələsinin vacibliyi, bu sahədə görülən işlər, gələcək planlar, beynəlxalq əməkdaşlıqlar və xüsusi olaraq, AMAK-ın həyata keçirdiyi iki yeni maarifləndirmə və təlim layihələri barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaq məqsədi daşıyırdı. Bu layihələrdən birincisi – Bakı ş., taksi sürücüləri üçün təlim proqramıdır və təhlükəsiz yol davranışına, eləcə də təhlükəsizlik kəmərlərindən istifadəyə həsr edilib. İkinci layihə məktəbli uşaqlar üçün xüsusi yol hərəkəti təhlükəsizliyi paketinin və təlim proqramının həyata keçirilməsi ilə əlaqədardır.











