No Image

AMAK Beynəlxalq Avtomobil Federasiyasının dəstəyi ilə avtomobillərdə uşaq avto-oturacaqlarına dair layihə təqdimatında iştirak edib

04 iyun 2018 - TƏDBİRLƏR

2018-ci ilin 17-18 may tarixlərində Moldova Avtomobil Klubunun təşkilatçılığı və Beynəlxalq Avtomobil Federasiyasına (FIA) üzv avtomobil klublarının – BKA Belarus, LAMB Latviya, LAS Litva, ACR Rumıniya və Azərbaycan Milli Avtomobil Klubunun (AMAK), həmçinin Moldova hökümət nümayəndələrinin iştirakı ilə uşaq avto-oturacaqlarına dair layihə təqdimatı keçirilib. Təqdimatda AMAK-ın prezidenti Vüsal Rəcəbli Azərbaycanı təmsil edib. Tədbir zamanı iştirakçılar təmsil etdikləri ölkələrdə sahə üzrə qanunvericilik və uşaq avto-oturacaqlarından istifadənin vacibliyi barədə əhalinin məlumatlılıq səviyyəsi, həmçinin bu istiqamətdə həyata keçirilən yerli layihələr haqqında müzakirələr aparıb, öz təcrübələrini bölüşüblər.

Qeyd edək ki, yol qəzaları zamanı azyaşlıların xəsarət almasının qarşısını almaq məqsədilə oxşar layihənin Azərbaycanda tətbiq olunması AMAK-ın planlarından biridir. Belə ki, AMAK 2017-ci ilin oktyabr ayında valideynlər arasında uşaq avto-oturacaqlarına dair sorğular keçirmiş və 2018-ci ildən etibarən Beynəlxalq Avtomobil Federasiyası Fondunun (FIAF) dəstəyi ilə geniş miqyaslı “Avtomobillərdə Uşaq Təhlükəsizliyi” layihəsinə start verməyi planlaşdırır. Layihə çərçivəsində avtomobil sahibləri arasında uşaqların təhlükəsizliyi ilə bağlı geniş miqyaslı maarifləndirmə kampaniyalarının keçirilməsi planlaşdırılır. Bununla yanaşı, AMAK 2019-cu ilədək avtomobillərin arxa oturacaqlarında uşaq avto-oturacaqlarının quraşdırılmasını tələb edən qanunun qəbul olunmasının təbliğini də nəzərdə tutur.