Bakıya tramvay lazımdırmı?

May 31,2019 - MƏQALƏLƏR
No Image

Son zamanlar Bakıya tramvayın qayıdışı haqqında bir neçə mənbədən məlumatlar daxil olmuşdur. Bu yaxınlarda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni rəhbəri Bakıya tramvayın qaytarılmasının müzakirə predmeti olduğunu söyləmişdir.

İlk olaraq isə Alstom şirkətinin rəhbərlərindən biri Bakı şəhərində yeni tramvay yolların tikintisi haqqında danışıqların aparıldığını və ilkin mərhələdə təklif olunan yolun Olimpiya stadionu-Port Baku-Bayraq meydanını əhatə etdiyini bildirmişdir.

İlk olaraq Bakı tramvayının tarixindən danışaq.

1889-cu ildə Bakıda at ilə hərəkət edən relsli sistem yarandı (Konka), 1924-cü ildə isə Konka elektrik tramvayla əvəz edildi. 1960-cı illərə qədər şəhərin tramvay sistemi 117 km qədər böyüdü, lakin metropolitenin işə salınmasından sonra sistem tədricən kiçilməyə başladı. 1980-ci illərdə şəhərdə cəmi 7 marşrut fəaliyyət göstərirdi. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra isə yerüstü şəhər nəqliyyatına olduqca az diqqət göstərildi və tramvayın süqutu başladı.

Bütün dünyada tramvay intibahı baş verən zaman, Bakıda 2004-cü ildə tramvay sistemi məhv edildi. Həmin illər Bakıda tramvay sistemi çox bərbad vəziyyətdə idi, lakin onun bərpasına vəsait yox idisə, onu sökmək yox konservasiya etmək lazım idi. Məsələn, Türkiyədə son 10-15 ildə 10-dan çox yeni tramvay sistemi yaradıldı, hətta BƏƏ (Dubay), Mərakeş və Əlcəzair kimi ölkələrdə tramvay xəttləri tam yenidən inşa edildi.

Şəhərimizə tramvay niyə qayıtmalıdı?

Bu suala cavab vermək üçün bir neçə arqument var:

1. Müasir tramvay çox səmərəli  şəhər nəqliyyatı növüdür. 

Bu nəqliyyat növü məhdud küçə və yol şəbəkəsindən inanılmaz dərəcədə daha səmərəli istifadə edə bilir. Belə ki, əgər bir avtomobil zolağı bir saat ərzində ən ideal halda 1000-1200 sərnişin daşıya bilirsə, müasir tramvay tərəfindən istifadə edilən bu zolaq 20 min sərnişin daşıya bilir. Qeyd etmək lazımdır ki, şəhərin nəqliyyat funksiyası nəqliyyat vasitələrinin maksimum sayını deyil, məhz insanların daşınmasını hədəfləməlidir.

2. Tramvay sisteminin tikintisi metropolitendən çox ucuz başa gəlir. 

Sərnişindaşıma qabiliyyətinə görə müasir tramvay sistemləri ancaq metroya və ağır qatar sistemlərinə uduzur, lakin onun tikintisi metrodan 10-15 dəfə ucuz başa gəlir. Məsələn, 1 km metro xəttinin və bahalı stansiyaların tikintisinin əvəzinə şəhərdə 10-15 km yeni tramvay xəttləri yaradıla bilər. Böyük miqyaslı metro tikintisini ancaq çox zəngin şəhərlər icra edə bilirlər, məhz buna görə də Bakı kimi şəhərlərdə metro tikintisi çox zəif sürətlə davam edir.

3. Müasir tramvay sürətli və səssizdir.

İndiki tramvay sistemləri fiziki ayrılmış yollarla gedir və yol ayrıclarını prioritetlə keçir. Məsələn, tramvay işıqfora yaxınlaşanda işıqfor avtomatik şəkildə ona yaşıl işıq verir. Bu səbəbdən tramvay tıxaclarda qalmır və sürətlə hərəkət edir. Buna baxmayaraq  lazım olduqda tramvay çox yavaş sürətlə da gedə bilər.

4. Metro və avtobuslar hazırki sərnişin yükünü artıq çatdırmırlar.

Bakı şəhərinin bəzi nəqliyyat dəhlizlərində sərnişin yükü çox böyükdür və pik saatlarda avtobuslar qısa intervalla tam dolu şəkildə hərəkət edirlər. Digər tərəfdən isə Bakının metro sistemi şəhərin ölçüsünə görə kiçikdir və quruluşuna görə uzaq magistral funksiyanı daha yaxşı icra edə bilir. Bu səbəbdən şəhərimizdə məhz avtobus sistemi magistral və yarım magistral  sərnişindaşıma işini üzərinə götürür və nəticədə sistem artıq yüklənmiş olur. Müasir tramvay sistemi isə hər iki funksiyanı icra edə bilər: lazım olan yerlərdə o sürətli uzaq magistral sərnişindaşımanı icra edə bilər və eyni zamanda şəhərin mərkəzində qısa və orta səyahətləri yerinə yetirə bilər.

5. Tramvay ekololoji cəhətdən təmizdir. 

Tramvay elektrik enerjisi ilə çalışır və havanı çirkləndirmir, bu isə xüsusi olaraq şəhərin mərkəzi hissəsində çox vacibdir. Həmçinin, tramvayın tikintisi avtomobil yolunun bir hissəsini almaqla avtomobillər üçün daha az yer saxlayır və nəticədə avtomobil istifadəsi azalır.

6. Tramvay cəlbedicidir və təhlükəsizdir. 

İnsanlar tramvayı sevirlər, xüsusən də avtobusla müqayisədə tramvay daha cəlbedicidir. Təhlükəsizlik baxımından tramvayları hətta piyada zonalarında da istifadə etmək olar, çünki onun keçdiyi yol əvvəlcədən bəllidir.