No Image

Uşaqların həyatını xilas edək!

25 oktyabr 2017 - XƏBƏRLƏR

Azərbaycan Milli Avtomobil Klubu (AMAK) 15 oktyabr 2016-cı il tarixindən Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST),  FIA Fondu, Böyük Britaniyanın Bakıdakı Səfirliyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsi ilə birgə, Bakının 5 dövlət məktəbi (31, 32, 46, 164 və 258 saylı) və 5 özəl uşaq bağçasında 800-dən çox uşağı əhatə edən və yol hərəkəti təhlükəsizliyi qaydalarının tədrisinə həsr edilən pilot layihəni həyata keçirmişdir. Tədris prosesi ərzində uşaqlar yol hərəkəti təhlükəsiziliyi ilə əlaqədar fəaliyyətlərə – ictimai kampaniyalara, tədris sessiyalarına, Dövlət Yol Polisi əməkdaşlarının da cəlb edildiyi sual-cavab sessiyalarına və yol hərəkəti təhlükəsziliyi ilə əlaqədar müxtəlif mövzular üzrə məktəblərarası yarışmalara cəlb olunmuşlar. 

Sözügedən layihənin son mərhələsi olaraq AMAK “Uşaqların həyatını xilas edək!” adlı bir tədbir təşkil etmişdir. Tədbirin məqsədi yarışmalarda qalib məktəblərin şagirdlərini, layihəyə xüsusi maraq göstərərək fərqlənən müəllimləri, eyni zamanda layihənin uğurlu bir hissəsi olan, ADA və Bakı Mühəndislik Universitetlərinin tələbələrini –  könüllü olaraq Yol Hərəkəti Təhlükəsizliyi Təlimçisi vəzifəsini uğurla icra edən gəncləri mükafatlandırmaqdan ibarət idi. AMAK tədbirə uşaqların valideynlərini də dəvət etdi. Eyni zamanda, tədbirin ən vacib məqsədlərindən biri də uşaqlara öyrədilən yol hərəkəti təhlükəsiziliyi üzrə biliklərin təsirini artırmaq, tədrisin davamlılığını təmin etmək və səmərəliliyi artırmaq üçün öyrədilən biliklərin vacibliyini valideynlərə aşılamaq idi.  

AMAK, həmçinin, məktəb direktorlarına və direktor müavinlərinə, 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin direktoruna, Bakı Taksi Xidməti MMC-nin direktoruna, Səhiyyə Nazirliyinə və bağçaların rəhbərliklərinə və öz dəyərli vaxtlarını ayıraraq Klubun uğurunu paylaşmaq üçün tədbirə təşrif buyuran bütün digər qonaqlara ev sahibliyi etməkdən çox şad oldu.

Tədbir AMAK-ın Yol Hərəkəti Təhlükəsizliyi üzrə Layihə və Tədbirlər menecerinin açılış və Bakı məktəblərində yol hərəkəti təhlükəsizliyinin tədrisi barəsindəki qısa nitqi ilə başladı. Çıxış müddətində tədbir iştirakçıları layihə müddətində həyata keçrilən ən əsas fəaliyyətlər, cəlb olunan uşaqlar, müəllimlər, şagirdlər və layihə ilə əlaqədar digər statistik rəqəmlər barəsində informasiya aldılar.

Çıxış Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini cənab Stefen MakKormik tərəfindən davam etdi. O, səfirliyin yol hərəkəti təhlükəsizliyi ilə bağlı təşəbbüsləri dəstəklədiyini bildirdi. Tədbiri 46 saylı Tədrisdənkənar Tərbiyə Mərkəzinin Yaradıcılıq şöbəsinin müdiri Fəridə Süleymanova və Azərbaycan Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin inspektoru mayor İsa Deistani valideynlərə yol hərəkəti təhlükəsizliyini, tədris və maarifləndirmə prosesində onların fəal iştirakının əhəmiyyətini aşılayan çıxışları ilə davam etdirdilər. Tədbir AMAK Yol Hərəkəti Təhlükəsizliyi Tədris layihəsinin gedişatını əks etdirən videonun nümayişi, şagird, tələbə və müəllimlərin hədiyyə və sertifikatlarla mükafatlandırılma mərasimi və nəhayət, AMAK-ın prezidenti Vüsal Rəcəblinin bu cür Yol Hərəkəti Təhlükəsiziliyi təşəbbüslərinin və buna dövlət dəstəyinin vacibliyini vurğulayan bağlanış çıxışı ilə yekunlaşdırıldı.