
Azərbaycan Milli Avtomobil Klubu(AMAK) “Yol-hərəkəti təhlükəsizliyinin məktəblərdə tətbiqi 2018/2019-cu il” layihəsinin davamı olaraq 18 və 19 dekabr 2018-ci il tarixlərində Nərimanov rayonu 93 nömrəli tam orta məktəb və Suraxanı rayonu 317 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri, şagirdlərinin valideynləri və müəllimləri ilə görüş keçirmişdir. Görüş zamanı iştirakçılara yol-hərəkəti təhlükəsizliyi ilə bağlı video çarxlar təqdim olunmuş, eyni zamanda uşaq avto oturacaqlarından istifadənin əhəmiyyəti, uşaqların piyada keçidlərindən yolu keçmələri, uşaqların yol-hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirilməsində valideynlərin rolu, həmçinin yol-hərəkəti təhlükəsizliyinin tədris proqramına salınması ilə bağlı qarşılıqlı müzakirələr aparılmışdır. Müzakirələr zamanı valideynlər yol-hərəkəti təhlükəsizliyinin tədris proqramına salınmasının çox önəmli olmasını qeyd etməklə yanaşı, məktəblərin ətrafında yol-hərəkəti nişanlarının qoyulması, ictimai nəqliyyat sürücülərinə təhlükəsiz idarəetmə və yol-hərəkəti mədəniyyəti təlimlərinin təşkil edilməsi ilə bağlı təkliflərini bildirmişlər.