AMAK “Sürəti azalt” və “Yollarda ölümsüz bir gün” kampaniyalarına qoşuldu

Sep 19,2018 - TƏDBİRLƏR
No Image

AMAK 2018-ci ilin sentyabr ayından etibarən Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi ilə bağlı müxtəlif maarifləndirmə kampaniyalarına start vermişdir. Bu kampaniyalar Beynəlxalq Avtomobil Federasiyasının (FİA) hər il təşkil etdiyi layihələr çərçivəsində həyata keçirilir. Bu fəaliyyətin bir hissəsi olaraq 20-21 sentyabr, 2018-ci il tarixlərində AMAK FİA-nın “Sürəti azalt” və Avropa Komissiyasının “Project EDWARD” (Yollarda Ölümsüz Bir Gün) şüarı altında Baş Dövlət Yol Polisi İdarəsi və Həyat Humanitar təşkilatı ilə birgə Cəbrayıl rayon 22 saylı ümumi orta məktəbdə və Füzuli rayon 5 saylı tam orta məktəbdə müəllim və şagirdlərlə maarifləndirmə görüşləri keçirmişdir. Görüşlərin məqsədi sözügedən beynəlxalq kampaniyalara dəstək olaraq məktəblərdə 7-12 yaş arası şagirdlər arasında yol hərəkəti təhlükəsizliyi üzrə maarifləndirmə işi aparmaqdır.

Görüşlər zamanı məktəblilərə AMAK haqqında qısa məlumat verildi, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşı ilə birgə FİA “Slow down” (Sürəti azalt) kampaniyasına dair videolar göstərilərək onlarla mövzu ətrafında maraqlı müzakirələr aparıldı. Məktəblilər, həmçinin, FİA-nın maariflənmə məqsədi ilə hazırladığı “Sürəti azalt” kampaniyası üçün hazırladığı Azərbaycan dilli video oyunu da oynadılar. Oyundan sonra onlar sürətin yaratdığı təhlükələr barədə öz fikirlərini söylədilər.