Azərbaycan Milli Avtomobil Klubu məktəbliləri beynəxalq yarışa hazırlayır

Sep 06,2018 - TƏDBİRLƏR
No Image

AMAK Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təşəbbüsu və Macarıstan Avtomobil Klubunun ev sahibliyi ilə 6-9 sentyabr 2018-ci il tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək növbəti beynəlxalq tədbir olan Avropa Yol Hərəkətinin Tədrisi Müsabiqəsində (ETEC) iştirak etməyi planlaşdırır. Bu tədbirin əsas məqsədi FIA-ya üzv olan ölkələrdə yol hərəkəti təhlükəsizliyi üzrə bilikləri genişləndirmək, velosiped sürən uşaqlar arasında nəqliyyat hadisələrinin baş vermə riskini azaltmaq və Avtomobil Klublarının yol hərəkəti təhlükəsizliyi üzrə fəaliyyətlərini öz ölkələrində də genişləndirmək üçün həvəsləndirməkdir.

Uşaqlar həssas təbəqəyə aid olduqlarına və təcrübələrinin az olmasına görə yollarda xüsusi risk altındadır. ETEC hər bir ölkədə yol hərəkəti təhlükəsizliyi üzrə təlimləri gücləndirmək və bununla da uşaqların velosipeddə yol qəzasına düşmə riskinin azaltmaq məqsədi daşıyır.

Sözügedən müsabiqədə hər ölkədən 4 uşaq (2 qız, 2 oğlan) və 2 qrup rəhbərinin iştirakı ilə 25 ölkənin Avtomobil Klubu müsabiqədə iştirak edəcək. Bu müsabiqə uşaqların yollarda təhlükəsiz hərəkət etmə qabiliyyətlərini artırmaq və öz ölkələrində velosipedlərin təhlükəsiz idarəsi üzrə avtomobil klublarının nümunəvi bir təmsilçisi kimi hazırlamaq üçün müxtəlif oyunlarla interaktiv öyrənmə mühiti yaradır. ETEC Avtomobil Klublarının və mütəxəssislərin peşəkarlığını və təcrübəsini mənimsəyərək bugünkü yollarda təhlükəsiz manevr etmək üçün uşaqlara lazım olan bacarıqların əldə edilməsinə kömək edir. Müsabiqənin hədəflərindən biri də bu bacarıqların dostluq yarışı formatında təmin olunmasıdır. Bu format uşaqlara müsabiqədə daha uğurlu iştirak etməyə və öz ölkələrində, icmalarında təhlükəsiz sürücülük üzrə səfir kimi iştirak etməyə imkan verir. Müsabiqə, həmçinin, onların yol hərəkəti təhlükəsizliyi mədəniyyətini gücləndirilməsi ilə bərabər, qitənin hər bir tərəfindən olan uşaqlarla bir araya gəlmək, öz bacarıqlarını göstərmək və dostcasına bir mühitdə yarışmaq üçün unikal imkan təklif edir.

AMAK öz komandası ilə birgə tarixdə ilk dəfə olaraq Azərbaycanı 33-cü Avropa Yol Hərəkətinin Tədrisi Müsabiqəsində (ETEC) təmsil edəcək. Bu müsabiqə AMAK-a beynəlxalq təcrübəni əldə etmək və gələcəkdə Azərbaycanda tətbiq etməyə böyük töhvə verəcək. AMAK bu müsabiqəyə “AMAK-ın dostları” Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində “Günay Sığorta” və SOCAR Petrolium-un töhvəsi və Respublika Olimpiya Velosiped Məktəbinin təşkilati dəstəyi ilə qoşulacaq.