Bakı şəhərində tıxacların səbəbi

May 23,2019 - XƏBƏRLƏRMƏQALƏLƏR
No Image

Şəhərdə tıxaclar hansı səbəbdən yaranır? Tıxacların üç səbəbi var (ardıcıllıq önəmli deyil):

1.Hərəkət təşkilində səhvlərin olması

2.Qayda pozuntuları

3.Avtomobil sayının çoxluğu

1.Hərəkətin təşkili.

Bura işıqforların düzgün tənzimlənməməsi, nişanların və cizgilərin səhv olması daxildir. Bir çox halda ləğv olunmuş işıqfor tıxaclara səbəb olur, çünki işıqforun əsas funksiyalarından biri nəqliyyat axınınını tədricən küçələrə buraxmaqdır.

2.Kütləvi qayda pozuntuları və nəqliyyat vasitələrin nizamsız idarə edilməsi.

Bu olduqca vacib amildir, sürücülər və piyadalar tərəfindən yol verilən kütləvi qayda pozuntuları və nizamsiz idarəetmə hərəkəti iflic edir. Qayda pozuntusunun baş verməməsi üçün iki şey vacibdir:

  • Qayda pozuntusu fiziki olaraq əngəllənməlidir, infrastruktur əvvəlcədən “axmaqdan qorunma”-ya hesablanmalıdır. Küçələr elə layihələndirilməlidir ki, yol hərəkəti qaydalarının pozuntusunu mümkün dərəcədə əngəlləsin.
  • Polis (və ya nəzarəti həyata keçirən digər qurum) qayda pozuntusunun qarşısını almağa çalışmalıdır, pozuntunun baş verməsini gözləməməlidir.

3. Avtomobil sayının çoxluğu.

Hal-hazırda Bakı şəhərində min nəfərə təxminən 250-300 avtomobil mövcuddur, bu isə iri Avropa şəhərlərinin orta göstəricisinə yaxındır, ancaq şəhərin küçə-yol infrastrukturu bu sayda maşınlara uyğun deyil. Uyğunlaşmaq isə qeyri-mümkün görünür, bunun üçün şəhər infrastrukturu dəyişilməlidir.

Bakı şəhərində bir çox meqapolislərdə olduğu kimi işgüzar və mədəni fəallıq şəhərin mərkəzi hissələrində cəmləşir. Bu amil insanların şəhərin ətraflarından, Abşeron yarımadasında yerləşən qəsəbə və şəhərlərdən Bakının mərkəzi hissələrinə gündəlik səyahət etmələrinə gətirib çıxarır. Sakinlərin həyatlarının əhəmiyyətli hissəsi olan belə səyahətləri şəxsi avtomobillər ilə etməsi şəhərin küçə-yol şəbəkəsində ifrat yük yaratmaqla bərabər şəhərə gələn maşınların parklanması üçün tələbat yaradır. Nəticədə tələbat mövcud parkinq yerlərindən çox olur. Beləliklə, şəhərinin mərkəzi hissələrinə çoxlu sayda maşın daxil olmasına və parkinq yerlərinin məhdud olmasına görə Bakıda yol tıxacları və xaotik parklanmış küçələr müşahidə olunur. İnkişaf etmiş ölkələrin iri şəhərlərində və xüsusən Avropada isə ötən əsrin təxminən 60-cı illərində yol tıxacları problemi müşahidə olunmağa başlamışdır. Bu problem əsasən avtomobil sahibliyinin həmin illərdə geniş yayılması ilə əlaqəli idi.

Yolları genişləndirməklə, işıqforları ləğv etməklə və piyadaları yerin altına yönəltməklə  tıxac problemini həll etmək olarmı?

Tıxac məsələsi və ümumiyyətlə şəhər mobilliyi çox kompleks bir məsələdir, o, şəhərin seçdiyi nəqliyyat siyasətindən, nəzarətin effektivliyindən, ictimai nəqliyyatın keyfiyyətindən və bir neçə amildən asılıdır.

Nəqliyyat axını və tıxaclar  haqqında bir neçə faktı bilmək lazımdır:

  • Şəhər küçəsinin maksimal buraxılış qabiliyyətinə təxminən 50 km/s sürətdə nail olunur. Sürət artanda sürücülər daha çox ara məsafəsi saxlamalı olur, hadisələrin baş vermə ehtimalı isə artır.
  • İşıqforlar nəqliyyat axınını hissələrə bölərək şiddətli tıxacların yaranmamasına kömək edirlər. Bundan əlavə işıqforlar hərəkətin növbəliliyini təmin edərək hərəkəti nizamlayır.
  • Artıq keçən əsrdə riyaziyyatçılar və iqtisadçılar sübut ediblər ki, şəhər daxilində yolların genişləndirilməsi və yeni yolların tikintisi tıxacı daha da şiddətli edir. Yeni yollar avtomobil istifadəsini stimullaşdırdığına (induced demand) görə nəqliyyat axını qısa zamanda yeni yolları tutur. 
  • Şəhər şəraitində ən səmərəli küçə hər tərəfə 2 hərəkət zolağı olan yoldur, çünki zolaqların sayı daha çox olanda sürücülər daha çox yerdəyişmə manevrlərini edirlər. Bu amil hadisələrin sayını artırır və hər bir zolağın effektivliyini azaltmış olur.