ŞƏHƏR MOBİLLİYİNİN GƏLƏCƏK TENDENSİYALARI

Jun 02,2020 - MƏQALƏLƏR
No Image

Hal-hazırda şəhər nəqliyyatı və mobilliyi sahəsində ciddi dəyişiklik prosesi baş verir. Bəzi proseslər daha əvvəllər baş verməyə başlayıb, bəziləri isə hazırda inkişaf və yaranma prosesindədir. 20-ci əsrin ikinci yarısı dünyada avtomobil dominantlığı altında keçdi, şəhərlərin inkişafı kütləvi avtomobilləşməyə uyğunlaşmağa meyl edirdi, lakin indiki dövrdə bu paradiqmanın dəyişməsi üçün ciddi addımlar atılır.

İndiki dövr üçün  şəhər nəqliyyatının əsas məqsədi şəhərin iqtisadiyyatını, sosial rifahını və ətraf mühitinin dayanıqlığını təmin etməkdir. Bəs müasir dövrdə şəhər mobilliyi sahəsində əsas tendensiyalar hansılardır?

Aktiv mobillik növlərinin inkişafı

Piyada və velosiped səfərləri artıq bəzi şəhərlərdə mobilliyin əsasını təşkil edir. Velosipeddən geniş istifadə bütün dünyaya yayılmayıb, amma ildən ilə bu tendensiyalar genişlənir. Dünyanın bir çox iri şəhərləri aktiv səfər növlərinə daha çox önəm verir, çünki şəhər daxilində edilən səfərlərin əhəmiyyətli hissəsi 3 km-dən daha azdır, bu  məsafələri isə piyada və ya velosipedlə qət etmək daha rahatdır və sağlamlıq üçün faydalıdır. Piyadaların rahat və təhlükəsiz hərəkəti isə ümumiyyətlə şəhərlərin bütün nəqliyyat sistemi üçün vacibdir, çünki ictimai nəqliyyatla edilən hər bir səfər məhz piyada olaraq başlanılır.
Hazırda dünyada müşahidə edilən koronovirus epidemiyası dünyanın bir çox iri şəhərləri piyada və velosiped səfərlərinə yenidən baxmağa vadar etdi. Bu şəhərlərdə səkilər və velo-yollar genişləndirilir ki, istifadəçilər təhlükəsiz sosial məsafəyə riayət edə bilsinlər. Bəzi şəhərlərin mərkəzi hissələri isə ümumiyyətlə avtomobil hərəkəti üçün bağlanacaq. Çox güman ki, yeni epidemioloji çağırışlar dünyanın bir çox yerində yeni piyada və velosiped inqilabı ilə nəticələnək.

Yeni müvəqqəti velosiped yolu

Mikromobillik

Qısa məsafələri qət etmək üçün yeni innovativ nəqliyyat vasitələri peyda olunmaqdadır.  Mikromobillik anlayışı daha çox elektrik skuterlər, seqveylər, monoçarxlar və skeytlərə aid edilir. Sözsüz ki, sadalanan növlərdən ən populyarı məhz elektrik skutelərdir. Dünyanın bir çox şəhərində bunlar yeni olmasa da, çox güman ki, gələcəkdə bu kimi nəqliyyat növləri daha kütləvi istifadə ediləcək. Qeyd etmək lazımdır ki, geniş velosiped infrastrukturu olan şəhərlər bu imkanlarda daha geniş yararlana biləcəklər, çünki əks təqdirdə skuterlə hərəkət edənlər piyadalara mane olurlar və bu səbəbdən bir çox problem yaranır.

Elektrik  skuter

Keyfiyyətli, ekoloji təmiz və rahat ictimai nəqliyyat sistemləri

Əslində bu da dünyanın müəyyən şəhərləri üçün yeni bir şey deyil, lakin ictimai nəqliyyat sistemlərinin intibahı baş verir. Dünyada yeni yaradılan müasir tramvay sistemlərini qeyd etmək yerinə düşər. Bu tendensiyalar təkcə inkişaf etmiş dövlətlərdə deyil, həmçinin orta gəlirli ölkələrə də aiddir. Məsələn Türkiyədə son 15 ildə 9 yeni tramvay sistemi inşa edilmişdi.

Dünyada yeni tramvay sistemləri

Bununla birlikdə müasir ictimai nəqliyyat səmərəli olmaqdan əlavə ətraf mühitin təmizliyini də təmin etməlidir və ictimai nəqliyyatın elektrik enerjisinə keçidi müasir tendensiyalarından biridir. Əminliklə demək olar ki, gələcəkdə elektrik  və hibrid avtobusların istifadəsi daha da genişləşəcək.

Müasir trolleybus

Elektrikləşmə

Böyük şəhərlərin ətraf mühitini çirklənməsində nəqliyyat müstəsna rol oynayır. Şəxsi avtomobillərin elektrik enerjisinə keçid bu problemi tam olmasa da qismən həll edə bilər. Zamanla texnologiyalar təkmilləşir və tədricən elektrik avtomobillərin qiymətinin ucuzlanması qaçılmazdır. Bu həmçinin şəhərlərdə enerji doldurma stansiyalarının geniş şəbəkəsinin yaradılmasını zəruri edir. Hazırda bir çox dövlətlərin məqsədi gələcək 15-20 ildə elektrik avtomobillərinin payını maksimuma çatdırmaqdır. İndi də Norveç kimi ölkələr elektrik avtomobillərin payını artırmaq üçün stimullaşdırıcı tədbirlərlərdən istifadə edir.

Elektrik avtomobili

Paylaşılan nəqliyyat

Gələcəkdə nəqliyyat vasitəsinə sahiblik etmək mənasını itirə bilər. Sıravi bir avtomobil günün 95 faizindən çoxu hərəkətsiz olur və yer tutur. Lakin bu nəqliyyat vasitəsi paylaşılan olsa, o günün əksər saatlarını boş dayanmayıb faydalı ola bilər. Paylaşılan iqtisadiyyat təkcə avtomobillərə aid deyil, bu həmçinin yuxarıda sadalanan elektrik skuterlərə və velosipedlərə aid ola bilər. Müasir texnologiyalar isə nəqliyyat vasitələrinin qısamüddətli icarəsini asanlaşdıra bilər.

Car Sharing

Avtonom nəqliyyat vasitələri

Texnoloji nailiyyətlər durmadan inkişaf edir və gələcəkdə nəqliyyat vasitələrinə sürücü lazım olmayacaq. Bu texnologiyalar artıq test rejimindi istifadə edilir, nəqliyyat vasitələri müxtəlif sensorlardan istifadə edərək sürücünün müdaxiləsi olmadan yol hərəkətində iştirak edə bilir. Hazırda belə avtomobillər sürücü sükan arxasında olmadan yola çıxa bilməzlər, lakin tam avtonom avtomobillərin və yük avtomobillərinin ərsəyə gələsi zaman və hüquqi status məsələsidir. Əsas məsələlərdən biri ondan ibarətdir ki, yol hərəkətində avtonom avtomobilləri çoxluq təşkil etsə bu  şəhərlərdə yol sahəsinin daha səmərəli istifadəsinə və yol hərəkətinin daha nizamlı olmasına gətirib çıxara bilər.

Avtonom avtomobil

MaaS

Gələcəyin şəhər mobilliyindən danışırıqsa bütün nəqliyyat növlərinin inteqrasiyasından da danışmaq lazımdır. Bunun adı "Mobility as a Service", qısaca MaaS-dır, yəni mobillik bir xidmət kimi.
Buraya paylaşıla bilən mikromobillik (velosiped, skuter və s., müasir taksi xidmətləri (Uber və s.), paylaşınlan avtomobillər (car sharing) və hər növ ictimai nəqliyyat daxildir. Yənı bir mobil telefon tətbiqi ilə bütün bu nəqliyyat sistemləri inteqrasiya edilir. Gələcəkdə elektrik, paylaşılan, avtonom nəqliyyat vasitələrinin olmasını təsəvvür etsək bu texnologiyalarının hansı potensiala malin olmasını təsəvvür etmək çətin deyil.

MaaS