17-18 dekabr, 2019-cu il tarixlərində AMAK Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansının (EASST) Regional Direktorunun iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsində polis zabitləri üçün iki günlük təlim həyata keçirmişdir. Təlimin birinci günündə Yol Patrul Xidmətinin 20 əməkdaşı iştirak etmiş və təlim müddətində aktiv müzakirələr aparmışdır. Eyni zamanda Yol Polisinin Bərdə, Şəmkir, Şamaxı və Azərbaycanın digər rayonlarından olan əməkdaşları da video konfrans vasitəsilə təlimə qoşulmuşdur. EASST-in nümayəndəsi qəza zonalarında hadisə ilə bağlı məlumatın toplanması və onun analizi sahəsində təqdimat edərək bilik və təcrübələrini bölüşmüş, həmçinin yol qəzaları barədə toplanan məlumatların düzgün analizi və istifadəsinin əhəmiyyəti barədə məlumat vermişdir.
Təlimin ikinci günündə Hərəkətin Təhlükəsizliyinin Təbliği, İctimai Qurumlarla Əlaqələr, Yol Patrul Xidməti şöbələrinin nümayəndələri iştirak etmiş və yol istifadəçiləri, xüsusilə sosial media blogerləri və media nümayəndələri ilə ünsiyyət barədə öz fikirlərini bölüşmüşlər. Yol Patrul Xidmətinin Rəisi Kamran Ağayev də Serghei Diaconu və digər iştirakçılar ilə öz təcrübəsini bölüşmüş və məlumatın toplanmasının müasir üsulları üzərində işlədiklərini və ünsiyyət mövzusunda polis əməkdaşlarının tez-tez təlimlərə cəlb olunduqlarını qeyd etmişdir.
İkinci günün sonunda 39 polis əməkdaşı sertifikatla və tərəfdaşımız EASST təşkilatı tərəfindən göndərilən kiçik simvolik hədiyyələrlə mükafatlandırılmışdır.