17.05.2021-ci il tarixində 6-cı BMT Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi çərçivəsində Onlayn Dəyirmi Masa tədbiri keçirilmişdir.

Jun 08,2021 - NEWS
No Image

AMAK, Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST) dəstəyi ilə 17 May 2021 tarixində 6-cı BMT Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi çərçivəsində Onlayn Dəyirmi Masa tədbiri keçirmişdir. Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkət Təhlükəsizliyinin Təbliği Və İctimai Qurumlarla Əlaqə Şöbəsinin Xüsusilə Mühüm Tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev, Təhsil İdarəsinin nümayəndəsi və 45, 243 və 186 nömrəli məktəblərin rəhbərləri, eləcə də valideynlər iştirak etmişdir. Tədbirin məqsədi insanların və nəqliyyatın sıx olduğu yerlərdə, eləcə də məktəb ətraflarında sürət həddinin 30 km/saata endirilməsinin vacibliyini qeyd etmək və bununla bağlı maarfiləndirməni təşkil etmək idi. AMAK tədbiri BMT Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsinin tarixi, bu ilki mövzusu olan yüksək sürətin yaratdığı təhlükələr və yaşayış ərazilərində, məktəb ətraflarında sürətin 30km/saata endirilməsi ilə qəza risklərinin  azalmasına dair məlumatları paylaşaraq açdı. Tədbir iştirakçıları məktəblər ətrafında sürət həddinin azaldılmasının təhlükəsizlik üçün əhəmiyyəti və hazırki yüksək sürət həddi ilə bağlı bugünki vəziyyət və mövcud çətinliklər barəsində müzakirələr etmiş və öz təkliflərini irəli sürmüşdürlər. Polis polkovnik-leytenantı Mübariz Ağayev Azərbaycan Respublikasında Yol Hərəkətinin Təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramında da sürət həddinin aşağı endirilməsi və uşaq travmalarının minimuma salınması üçün tədbirlərin qeyd olunduğunu və sürətin Azərbaycanda baş verən qəzaların böyük hissəsinin səbəbkarı olduğunu vurğulamışdır. Xüsusilə, valideynlər yol hərəkəti təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə edərək, məktəb ətraflarında avtomobillərin sürəti, piyada keçidi zolaqlarının köhnəlməsi, qanunsuz parklanma və bir çox məsələlərə toxunaraq öz fikirlərini bildirdilər. Həmçinin bütün tədbir iştirakçıları yol infrastrukturunda dəyişikliklərin əhəmiyyəti, aşağı sürət həddi və yol hərəkəti təhlükəsizliyi istiqamətində məsuliyyət hissinin dərk edilməsi üçün müxtəlif marifləndirmə kampaniyaları vasitəsilə insanların məlumatlandırılması fikrini dəstəklədilər.