18.05.2021-ci il tarixində 6-cı BMT Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi çərçivəsində Media və QHT nümayəndələri üçün Onlayn Seminar keçirilmişdir.

Jun 08,2021 - NEWS
No Image

AMAK, Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə Şərq Alyansı (EASST) dəstəyi ilə 18 May 2021 tarixində 6-cı BMT Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi çərçivəsində Media və QHT nümayəndələri üçün Onlayn Seminar keçirmişdir. Tədbirdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev, BMT- nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan Təmsilçisi Rəşad Hüseynov, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin İctimai Səhiyyə İşçisi Fidan Talışinskaya, İnsan yönümlü şəhərlər platformasının təsisçisi Anar Əliyev, eləcə də müstəqil ekspert Azər Allahverənov iştirak etmişdir. Tədbirin məqsədi insanların və nəqliyyatın sıx olduğu yerlərdə, eləcə də məktəb ətraflarında sürət həddinin 30 km/saata endirilməsinin vacibliyini qeyd etmək və bununla bağlı maarfiləndirməni təşkil etməkdir. AMAK tədbiri açaraq BMT Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsinin tarixi, yüksək sürətin yaratdığı təhlükələr və yaşayış ərazilərində, xüsusilə məktəb ətraflarında sürətin 30km/saata endirilməsi ilə qəza risklərinin  azalmasına dair məlumatlar verdi. Tədbir iştirakçıları sürət həddinin azaldılmasının təhlükəsizlik üçün əhəmiyyəti və hazırki yüksək sürət həddi ilə bağlı bugünki vəziyyət və mövcud çətinliklər barəsində müzakirələr etmiş və öz təkliflərini irəli sürmüşdürlər. Polis polkovnik-leytenantı Mübariz Ağayev yüksək sürətin Azərbaycanda baş verən qəzaların böyük hissəsinin səbəbkarı olduğunu vurğulamışdır. Buna nümunə kimi 2021-ci ilin ilk rübündə baş verən 376 yol nəqliyyat hadisəsi nəticəsində 370 nəfərin xəsarət alması və 125 nəfərin dünyasını dəyişməsi göstərilə bilər. Mübariz Ağayev eyni zamanda dünya praktikasında mövcud olan yol hərəkəti təhlükəsizliyi istimaqətində müsbət yönümlü təbliğat işlərinin Azərbaycanda yalnız bir qurumla deyil, digər yerli qurumlarla birgə həyata keçirilməsi fikrini irəli sürdü. BMT- nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan Təmsilçisi Rəşad Hüseynov yol hərəkəti təhlükəsizliyi yolunda dövlət, vətəndaş cəmiyyəti və medianın birlikdə hərəkət etmələrinin önəmini bildirdi. Piyada, sürücü məsuliyyəti, yollarda infrastrukturun olmaması və sürətin düzgün tənzinlənməsi kimi kompleks tədbirlərin nəzərdə tutulmasının vacibliyini də qeyd etdi. Bu məsələlərin ölkə üzrə təkcə sosial deyil, eyni zamanda iqtisadi təsirləri də mövcüddur. İctimai Səhiyyə İşçisi Fidan Talışinskaya öz çıxışında yüksək sürətin yaratdığı gənclər və uşaqlar arasında ölüm hallarının qarşını almaq istiqamətində düzgün siyasətin aparılmasını irəli sürdü. Yüksək sürət bütün qəzaların tək səbəbi deyil və qəzaların təhlili ən vacib məsələdir. Bu məsələlərdə iqtisadi itkilər yaranır və qəzaların nəticəsi kimi ölkə ümumdaxili məhsulun 3% azalması baş verir. Anar Əliyev şəhərdə piyada təhklükəsizliyinin artırılması üçün müxtəlif təkliflərlə çıxış etdi. O qeyd etdi ki, şəhərlərdə sürət həddinin aşağı salınması çox önəmli faktordur və infrastruktur dəyişiklikləri ilə bərabər həyata keçirilməlidir. Azər Allahverənov sürətin azaldılması ilə yanaşı cəmiyyətin şüurunun dəyişilməli olduğunu vurğuladı. Maarifləndirmə tədbirləri aparılmalı və praktiki fəaliyyət üstünlük təşkil etməlidir. Tədbirin yekununda Azərbaycan Jurnalistlər Şəbəkəsinin nümayəndəsi İsmayıl Fətəliyev və UAFA-nın təmsilçisi Çingiz Rəhmanlı da çıxış edənlərə öz suallarını verərək, müxtəlif təkliflərlə çıxış etdilər.