AMAK-ın Yol-hərəkəti Təhlükəsizliyi üzrə Səfiri Hadı Rəcəbli

Apr 19,2019 - XƏBƏRLƏRLAYİHƏLƏR
No Image

Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli AMAK-ın Yol-hərəkəti təhlükəsizliyi üzrə “Səfir”-i təyin olunur.

Hadı Rəcəbli yol-hərəkəti təhlükəsizliyi mövzusuna daim həssas yanaşaraq müasir dövrdə yol-hərəkəti təhlükəsizliyinin dünya ölkələri, o cümlədən, Azərbaycan üçün ən aktual problemlərdən biri olduğunu hər zaman vurğulamışdır.

2012-ci ildə Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Test və Təlim” beynəlxalq təşkilatının (Test&Training İnternational) ekspertləri ilə görüş zamanı Hadı Rəcəbli yol-hərəkəti təhlükəsizliyinin gücləndirilməsinin, insanların sürücülük vəsiqəsi aldıqdan sonra müəyyən müddətdən bir sürücülük təlimlərində iştirak etmələrinin, həmçinin ölkəmizdə avtodromların yaradılmasının zəruri olmasını qeyd etmişdir.

Hadı Rəcəbli ən vacib məsələlərdən biri olan hər il avtoqəzalar nəticəsində əlil ola bilən minlərlə vətəndaşın qəzalardan qorunması üçün təhlükəsizlik tədbirlərinin, maarifləndirmənin vacibliyini də daim vurğulayır.

Əmək və sosial siyasət komitəsinin sədri olaraq Hadı Rəcəbli sosial problemlərin həllinə, xüsusilə, əlilliyi olan şəxslərin nəqliyyatda üzləşdiyi problemlərin, ictimai yerlərdə müyəssərliklə bağlı ümumi çətinliklərin və maneələrin aradan qaldırılmasına, həmçinin bu şəxslər üçün nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına daim öz müsbət töhfəsini vermişdir.

AMAK-ın yol-hərəkəti təhlükəsizliyi üzrə Səfiri olaraq Hadı Rəcəbli 27 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında yol-hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı’’ çərçivəsində AMAK tərəfindən hazırlanmış “Yol-hərəkəti təhlükəsizliyinin təbliğat və təşviqatı” sosial layihəsinin həyata keçirilməsində yol-hərəkəti təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində, müxtəlif layihələrin həyata keçirilməsində, həmçinin layihə daxilində sosial məsuliyyətin aşılanmasının təbliğ və təşviq edilməsində dəstəyini göstərəcəkdir.