AMAK Yol-hərəkəti təhlükəsizliyinin təbliğinə həsr olunmuş QHT-lərin 6-cı Qlobal Yığıncağında iştirak edir.

Apr 12,2019 - XƏBƏRLƏRTƏDBİRLƏR
No Image

9-13 aprel 2019-cu il tarixlərində Yunanıstanın Hanya şəhərində beynəlxalq tərəfdaşımız Təhlükəsiz və Davamlı Nəqliyyat üçün Şərq Alyansının (EASST) 10 illiyi münasibətilə Beynəlxalq Avtomobil Federasiyasının sponsorluğu və Yol-hərəkəti təhlükəsizliyi üzrə QHT-lərin Qlobal Alyansının təşkilatçılığı ilə yol-hərəkəti təhlükəsiziyinin təbliği ilə məşğul olan QHT-lərin 6-cı Qlobal görüşü keçirilir.

Qlobal Yığıncaqda, 76 ölkədən 270 QHT, siyasətçi, çoxtərəfli qurum, korporativ maraqlı tərəflər və yol hərəkəti təhlükəsizliyi təbliğatçıları, bu sahədə bu günə qədər əldə etdikləri irəliləyişləri təqdim edəcəklər.  QHT-lərin əsas məqsədi  2030-cu ilədək ölkələrindəki yol qəzaları zamanı yaranan ölüm və xəsarət hallarını 50% azaltmaqdır.

11 aprel 2019-cu il tarixində keçirilən görüşdə AMAK prezidenti Vüsal Rəcəbli yol-nəqliyyat hadisələrində qəzasonrası tədbirlərlə bağlı çıxış etmişdir.

“Azərbaycan Respublikasında yol-hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı’’nın 4.0.5 bəndinə uyğun olaraq Vüsal Rəcəbli qəzasonrası tədbirlərdə ilkin tibbi yardımın təkmilləşdirilməsi, bununla bağlı əhalinin maarifləndirilməsi işlərinin gücləndirilməsi, həmçinin qəza və qəzasonrası tədbirlərdə dövlət orqanları arasında sıx əməkdaşlıqların qurulmasının  vacibliyini vurğulamışdır.

Tədbirin 4-cü günü 12 aprel 2019-cu il tarixində Yol Hərəkəti Təhlükəsizliyi üzrə QHT-lərin Qlobal Alyansı və “0-a Doğru” Fondu (Toward Zero Foundation) tərəfindən təşkil olunan və tədbirin əsas hissəsini təşkil edən simpozium keçiriləcək. Simpozium “Yol Xəsarətlərin Qarşısının Alınması və Davamlı İnkişaf Məqsədləri” adlanır və 2020-ci ildə İsveçdə keçiriləcək Yol Hərəkəti Təhlükəsizliyi üzrə Üçüncü Qlobal Nazirlik Konfransında təsdiqlənməli olan Yol Hərəkəti Təhlükəsizliyi üzrə QHT Bəyənnaməsinin qəbulu ilə başa çatacaq.