Azərbaycanda yol-hərəkəti təhlükəsizliyi ilə bağlı 2019-2023-cü illər üçün Dövlət Proqramı və AMAK-ın rolu

Jan 21,2019 - XƏBƏRLƏR
No Image

Azərbaycan Respublikası Prezidenti 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında yol-hərəkəti təhlükəsizliyinə dair 2019-2023 cü illər üçün Dövlət Proqramını təsdiq etmişdir. Dövlət Proqramının əsas məqsədi ölkə ərasizində yol-nəqliyyat hadisələrinin sayının azalması, baş verən yol qəzalarında ölüm halının minimuma endirilməsi, yol-hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirilmə işlərinin təkmilləşdirilməsi və milli strategiyanın yaradılmasıdır.

Azərbaycan Milli Avtomobil Klubu (AMAK) 2009-cu ildən bu günə kimi yol-hərəkəti təhlükəsizliyinin təbliği və bu istiqamətdə sosial layihələrin həyata keçirilməsi ilə intensiv olaraq məşğul olur. 2015-ci ildən bəri Beynəlxalq Avtomobil Federasiyasına (FİA) üzv olan AMAK bu sahədə geniş beynəlxalq təcrübə və biliklərdən faydalanaraq, bu bilik və təcrübənin Azərbaycanda tətbiqi, beynəlxalq layihələrdə iştirak və digər üstünlüklər əldə etmişdir. 

2015-2018-ci illərdə AMAK FİA, Təhlükəsiz və Davamlı Nəqliyyat üçün Şərq Alyansı (EASST) və Yol-hərəkəti təhlükəsizliyi üzrə QHT-in Qlobal Alyansı kimi beynəlxalq təşkilatların dəstəyi ilə yol-hərəkəti təhlükəsizliyi ilə bağlı bir sıra layihələr həyata keçirmişdir.

 AMAK, qeyd olunan Dövlət Proqramını və Proqramın məqsədində qeyd olunan bəndləri əsas tutaraq əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların təcrübəsini Azərbaycanda yol-hərəkəti təhlükəsizliyinin səmərəli təşkili istiqamətində istifadə etməyi və bununla bağlı əhalinin maarifləndirilməsi üçün  bira sıra tədbirlər həyata keçirməyi planlaşdırır.

Dövlət Proqramının qeyd olunan məqsədlərini  əsas götürərək AMAK, 2019-2021-ci illərdə öz fəaliyyətinin prioritet sahələrini aşağıdakı istiqamətlər üzrə təyin etmişdir:

  • yol hərəkətinin təhlükəsizliyi sahəsində ictimai iştirakçılığın təmin edilməsi;
  • yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə, təbliğat və təşviqat işinin təkmilləşdirilməsi;
  • yol hərəkəti və nəqliyyatdan istifadə mədəniyyətinin artırılması;
  • yol-nəqliyyat şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən müvafiq mobillik strategiyasının hazırlanması üzrə  dövlətə dəstəyin göstərilməsi.