Böyük Şəhərdə Parklanma

Feb 22,2019 - MƏQALƏLƏR
No Image

Son zamanlar ən böyük mübahisə doğuran hallardan biri Bakı şəhərinin bəzi mərkəzi küçələrində dayanma və durma üzrə qayda pozuntularının avtomatik rejimdə (kameralar vasitəsilə) qeydə alınması və cərimələrin yazılmasıdır. Qanunsuz parklanmanın qarşısının alınması illərlə müzakirə olunan mövzu olub, çünki məhz qanunsuz parklanma şəhərin bir çox yerində xoşagəlməz mənzərə, sıxlıq və tıxac yaradıb. Qeyd edək ki, cərimələrin avtomatik rejimdə tətbiqi nəqliyyatla və şəhər faəliyyəti ilə əlaqəli bir sıra problemləri üzə çıxardı. Məlum oldu ki, şəhərin bir çox yerində dayanma və durma qadağandır və hətta müəyyən küçələrdə sərnişin düşürtmək və mindirmək qayda pozuntusudur. Bu vəziyyətə ən çox narazılıq edən taksi sürücüləri oldu, çünki onlar müştərilərin qadağan olunmuş küçələrdə taksidən minmək və düşmək istəyi ilə üz-üzə qaldılar.

Böyük şəhərlərdə parklanma məsələsi mürəkkəb məsələdir. Nəqliyyat infrastrukturunun inkişafına və dayanıqlı mobilliyə dair müasir yanaşmada park edilmiş avtomobil prioritetlərdə son yer tutur, ancaq şəhərin biznes mərkəzi haqqında danışarkən, parklanma yerlərinin nəzərə alınmaması da mümkün deyildir. Şəhərdə nə qədər gözəl ictimai nəqliyyat və piyada zonaları olursa olsun, şəhəri avtomobil nəqliyyatı olmadan təsəvvür etmək olmaz və deməli bu avtomobillərin parklanması üçün yer lazımdır. 

Dünyanın hər hansı bir iri şəhərinin mərkəzi hissəsində, parklanmaya olan tələbat təklif olunan yerlərdən çox daha yüksəkdir. Bu vəziyyəti öz öhdəsinə buraxmaq düzgün deyil, çünki mərkəzin iflic olması və parklanma yerlərinin olmaması şəhərin iqtisadi fəaliyyətinə pis təsir göstərəcək.

Dünya təcrübəsində parkinq siyasəti və ümumi nəqliyyat siyasətində parkinqin yeri

İnkişaf etmiş ölkələrin iri şəhərlərində və xüsusən Avropada ötən əsrin təxminən 60-cı illərində yollarda tıxac problemi müşahidə olunmağa başlamışdır. Bu problem əsasən avtomobillərin  həmin illərdə geniş yayılması ilə əlaqəli idi. Bu problemin həlli olaraq ictimai nəqliyyatın inkişaf etdirilməsi və ondan istifadənin həvəsləndirilməsi əsas götürülürdü. Eyni zamanda sürücüləri, şəxsi avtomobillərin gündəlik istifadəsindən çəkindirmək siyasəti də tıxacların azaldılmasına yönəldilmişdir. Şəxsi avtomobillərin gündəlik istifadəsindən çəkindirmə tədbirlərin ən effektiv metodlarından biri şəhərdə küçədə parklanma yerlərinin azaldılması və onların ödənişli olmasıdır. Bu metodun effektiv işləməsi üçün parkinq qiymətləri kifayət qədər baha, digər tərəfdən isə nəzarət tədbirləri çox sərt olmalıdır. Qeyd edək ki, küçə parkinqinin nizama salınması şəhərdə yaşayış keyfiyyətini yaxşılaşdırır və ictimai nəqliyyatdan istifadəni artırır.

Bakı şəhərində parklanma yerlərinin idarə edilməsi: tarixi kontekst

2012-ci ildən etibarən yaranmış vəziyyəti nizamlamaq məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi (XTAİ) şəhərin bir çox yerlərində ödənişli parkinq təşkil etmək üçün parkomatların quraşdırılmasına başlamışdır. Bakının mərkəzində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iki iri yeraltı avtodayanacaqlar tikilmişdir. Bundan əlavə şəhərin müxtəlif yerlərində özəl şirkətlər tərəfindən bir neçə yerüstü və yeraltı avtodayanacaqlar istifadəyə verilmişdir, ancaq son zamanlarda vəziyyət dəyişməyə başladı və bu dəyişikliklər institusional xarakter daşıyır.

İlk olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli fərmanına uyğun olaraq Bakı şəhərində  bütün küçə parklanma yerlərinin idarə ediləməsi XTAİ-dən Bakı Nəqliyyat Agenliyinə verildi (imzalanma tarixindən 3 ay müddətində), lakin nəzarət mexanizmləri Dövlət Yol Polisində, küçədənkanar parkinqlərinin təşkili və idarəsi isə  İcra Hakimiyyətinin kurasiyasında qalmışdı.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 İyul  tarixli fərmanına uyğun olaraq isə Bakı Nəqliyyat Agenliyinə parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi səhahiyyəti verildi. Bu səlahiyyətlə yanaşı BNA-nın qayda pozmuş və tıxaclara səbəb olan nəqliyyat vasitələrini təxliyyə(evakuasiya) etmək haqqı da var. Qeyd edək ki, BNA həmiçinin yeni yeraltı və yerüstü avtomobil qarajlarının tikintisi və istismarı məsələləri ilə məşğul olacaq. İcra Hakimiyyətinə məxsus yeraltı qarajlar isə (Qış parkı və Azadlıq meydanı) BNA-ya verilməlidir.

Dayanma, Durma və parklanma

Şəhərin parkinq idarəçiliyinin əsas komponentləri aşağdakılardır:

  • Hədəf auditoriyasının müəyyən edilməsi
  • Şəhərin bütün nəqliyyat növləri arasında inteqrasiyası
  • Küçə sahəsinin düzgün planlaşdırılması və prioritetlər
  • Dəqiq və anlaşılan parklanma qaydaları
  • Parkinq ödənişlərinin toplanması üçün işlək sistemin yaradılması
  • Nəzarət, cərimə, evakuasiya və s.

Yol hərəkəti qaydalarında iki anlayış mövcuddur: dayanma və durma.

Dayanma. Sərnişinləri düşürtmək/mindirmək və ya yükləri boşaltmaq üçün edilən hərəkətlərə dayanma deyilir və adətən 5 dəqiqədən çox çəkməməlidir. Bakı şəhərində durmanı qadağan edən, lakin qısamüddətli dayanmaya icazə verilən küçələr çox azdır.  Əslində, qısamüddətli dayanma üçün bir çox yerlərə ehtiyac var: uşaqların məktəb və bağçalara çatdırılması, yüklərin çatdırılması, taksi sürücülərinin sərnişinləri götürmək və düşürtmək üçün ehtiyac duyduqları yerləri nümunə kimi göstərmək olar. Nəqliyyat qovşaqlarında və ya hablarda, qısamüddətli dayanacaqlara xüsusi ehtiyac yaranır bu növ dayanacaqlar ingiliscə Kiss &Ride adlanır.

Durma və ya parklanma.  Parkinqin idarə edilməsi baxımından, bir neçə istifadəçi kateqoriyası ilə seçilir. 

  • Şəhərin mərkəzinə avtmobillə işə gələnlər, onların üzunmüddətli parknlanmaya ehtiyacı var. Bu tip istifadəçilərin arasında şəhərətrafı ərazilərdə yaşayanlar da çoxdur. Əslində bu kateqoriya şəhər üçün ən əlverişsizdir, şəhərin nəqliyyat siyasəti bu tip istifadəçiləri maksimal dərəcədə gündəlik avtomobil istifadəsindən imtina etməyi hədəfləməlidir.
  • Digər bir kateqoriya, qısa səfərlər üçün maşın istifadə edənlərdir, yəni bir, iki və ya üç saatlıq avtomobil istifadə edənlər. Bu adətən şəhər daxilində iş səyahətləridir. Nəticədə eyni parklanma yerləri gün ərzində bir neçə avtomobil tərəfindən istifadə edilir.
  • Üçüncü kateqoriya avtomobilin saxlanılmasına aiddir. İdeal olaraq, avtomobilin saxlanılması küçə-yol şəbəkəsindən kənarda yerləşən duracaqlarda həyata keçirilməlidir, amma buna baxmayaraq bir çox avtomobil ya binaların həyətində ya da yaxınlıqdakı küçədə gecələyir. 
  • Park&Ride. Bu kateqoriyadan olan parklanma yerləri şəhər ətrafında yaşayan ictimai nəqliyyat istifadiçiləri üçün nəzərdə tutulub. Belə ki, dəmiryol və ya metro stansiyalarından uzaqda yaşayan şəxslər avtomobillərini belə avtodayanacaqlarda park edərək şəhərin mərkəzi hissəsinə olan səfərlərini ictimai nəqliyyatla davam edirlər. 

Ödənişli Parklanma

Nəqliyyat sahəsində uğur əldə etmiş böyük şəhərlərin paylaşdığı bir işlək sistem var: ödənişli parklanma. Bəli, müasir şəhərin nəqliyyat sisteminin normal və səmərəli işləməsi üçün parklanma sahəsini düzgün idarə etməli və onu ödənişli etmək zəruridir.

Ödənişli parklanma hansı problemləri həll edir?

  • Böyük şəhərlərdə küçə,yol və parklanma sahəsi məhdud resursdur və bu resursa olunan tələb təklifdən həmişə böyük olur, yəni parklanacaq avtomobillərin sayı mövcud parklanma yerlərindən çoxdur. Düşünün, əgər bir fərd şəhərin mərkəzində yerləşən bir ofisdə çalışırsa, onun işə gəldiyi avtomobilini saxlamaq üçün də sahə lazımdır. Bu sahə işçiyə ofisdə ayrılan sahədən bir çox halda daha böyük olur, yəni avtomobilə tələb olunan yer ortalama iş yerindən daha böyükdür və təbii ki, hamıya yer çatmır.  Parklanmaya tətbiq edilən qiymət məhz tələb və təklifi tənzimləyir.
  • Şəhərlər ödənişli parklanma tədbiq edərək avtomobil istifadəsini və tıxacları azaltmış olurlar. Ödənişli parklanma sürücüləri avtomobillə gündəlik səyahətlərdən yayındırmaq məqsədi daşıyır və onların ictimai nəqliyyatla, piyada və ya velosipedlə hərəkət etmələrini stimullaşdırır.
  • Şəhərlər ödənişli parklanmadan əldə etdikləri vəsaiti, ictimai nəqliyyatın məliyyələşdirilməsinə və abadlıq işlərinin görülməsinə sərf edirlər.
  • Uzunmüddətli parklanma daha baha olduğu üçün parklanma yerlərinin istifadə dövriyyəsi artır və dolayısı ilə şəhərdə fəallıq artmış olur.

 Niyə görə ödənişli parklanma qaçılmazdır?

Əslində heç nə pulsuz olmur. Əgər hər hansı bir şey istifadəçilərə pulsuz başa gəlirsə bu demək deyil ki, heç kim bununla əlaqədar xərclər çəkmir. Parklanma pulsuz olanda bunun zərərini bütün cəmiyyət çəkir, dolayısı ilə maşın sürməyənlər sürücüləri subsidiyalaşdırırlar. Əslində isə avtomobilin harada parklanması onu sürən fərdin şəxsi problemidir, çünki o öz mülkiyyətinə cavabdeh olmalıdır.

Heç kimə maşınla birlikdə  istənilən yerdə 10 m2  torpaq verilmir. Şəhər torpağı məhdud resursdur və istənilən halda hamının avtomobili üçün yer qalmayacaq.

Parklanma pulsuz olduqda və nəzarət güclü təşkil edidikdə, qaydaları pozanlar effektiv sürətdə cərimə olunduğu halda da məsələ yenə də həll olunmur. Tutaq ki, parklanma yerinə ən tez gələn sürücülər avtomobillərini pulsuz saxlayacaqlar. Daha gec gələnlər nə edəcəklər? Onlaq artıq gəliblər və avtomobili saxlamaq üçün müxtəlif üsullardan istifadə edəcəklər və qayda pozuntularının sayı və şiddəti yenə də artmış olacaq.

Qiymət siyasəti

  • Bir qayda olaraq parklanma yerlərinin qiyməti o əraziyə olan təlabatdən asılı olmalıdır.  Yəni yüksək tələbatlı yerlərdə parklanma yerləri daha baha olmalıdır. Aşağı aktivli yerdə parklanmanı hətta pulsuz və ya çox ucuz  etmək olar.
  • Küçə parkinqi küçədənkənar parkinqlərdən daha baha olmalıdır, çünki o ucuz olsa heç kim öz xoşu ilə çoxmərtəbəli qarajlara üz tutmayacaq. Daha yüksək qiymət həm də sahibklarlar üçün parklanma qarajlarını inşa etməyə stimul yaradacaq.
  • Qiymət elə olmalıdır ki, həmişə hətta ən tələbatlı yerlərdə boş yerlər mövcud olsun.
  • Uzunmüddətli parklanmanın qiyməti qeyri-proporsional şəkildə daha yüksək olmalıdır. Bu addım bütün iş günü ərzində parklanmaq kimi davranışı dəyişməyə vadar edir.
  • Qiymətlər zonadan zonaya dəyişməlidir, ancaq daha əvvəl qeyd etdiyimiz ki, ayrı-ayrı yüksək tələbatlı yerlər ola bilər. Məsələn daha ucuz zonanın içində populyar, böyük kütləni cəlb edən  bir məkan ola bilər.