Sürətli yollarda piyada keçidləri

Jul 05,2019 - XƏBƏRLƏRMƏQALƏLƏR
No Image

Bakı şəhərinin və Abşeron yarımadasının bir çox ərazilərində sürətli yollar salınıb və bəzi yollarda sürət məhdudiyyəti 120 km/s təyin edilib. Bu yolların əksəriyyəti yaşayış məntəqələrinin daxilindən keçir və buna görə də həmin ərazilərdə avtobus dayanacaqları təşkil edilib. Müvafiq olaraq belə yerlərdə, sürət rejimini və yolların quruluşunu nəzərə alaraq piyada keçidləri müxtəlif səviyyəli olmalıdır. Məsələn, şəhər küçələri şəraitində eyni səviyyəli piyada keçidləri, sürətli yollarda isə müxtəlif səviyyəli yeraltı və ya yerüstü keçidlər inşa edilməlidir. Təəssüf ki, Bakı şəhərində bunun bir çox hallarda əksi olur.

Bu məqalədə biz təhlükəsizlik tədbirləri nəzərə alınmayan bir neçə yerlərdən bəhs etmək istərdik.

1. Şəkildə Buzovna- Bilgəh avtomobil yolu göstərilmişdir. Bu yolda sürət məhdudiyyəti 120 km/s-dır və bu sözün əsl mənasında sürətli trasdır. Yolun hər iki tərəfində şəxsi evlər və avtobus dayanacaqları var, buna baxmayaraq bu yolda 5-km yaxın məsafədə bir dənə də olsun piyada keçidi yoxdur, ancaq Zaqulba qəsəbəsinin mərkəzində ardıcıl iki yeraltı keçid mövcuddur. Belə hal yerli əhalinin gediş gəlişinə böyük təhlükə yaradır. Yeraltı və yerüstü keçidlər şəhərin mərkəzi hissələrində tikilir, lakin bu cür sürətli yollarda hələ də piyada keçidləri yoxdur. Hal-hazırda bu yolda bir ədəd yerüstü piyada keçidi tikilməkdədir, ancaq göründüyü kimi bu kifayət deyil, onlar ən azından 5 yerdə olmalıdır. Bu ərazinin sakinləri adi gediş-gəliş ehtiyaclarını ödəmək üçün hər gün hayatları ilə risk edirlər və hər il bir neçə insan bu yollarda həyatını itirir.

2. Bura Hava limanı- Mərdəkan yolunun Qala döngəsi adnlandırılan ərazisidir. Avtobus dayanacaqlarının və piyadaların gediş-gəlişi olmasına baxmayaraq burada da piyada keçidi yoxdur. Peyk vasitəsilə çəkilən şəkildə bu vəziyyət aydın təsvir olunub.

3. Bura Binə Atçılıq mərkəzinin yaxınlığında olan və Mərdəkan yolunda təhlükəli hesab olunan ərazilərdəndir. Bir neçə gün öncə bu ərazidə piyada ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hər il bu ərazidə bir neçə piyada həyatını itir. Yolun hər iki tərəfində yaşayış zonası və avtobus dayanacaqlarının olmasına baxmayaraq burada piyada keçidi mövcud deyil. Ən yaxın keçid 750 metr aralıqda yerləşir, təbii ki, əksər piyadalar əlavə 1.5 km yol qət etmirlər və sürətli yolu qaçaraq keçirlər. Nəticə isə çox ağır olur.