"Yol-hərəkəti Təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı"

Jan 29,2019 - MƏQALƏLƏR
No Image

Nəhayət ki, ötən ilin 27 dekabr tarixində Azərbaycanda, yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı və ya başqa sözlə desək milli tədbirlər planı qəbul edildi. Proqram 2019-2023-cü illəri əhatə edir və onun strateji məqsədləri aşağıdakılardır:

  • hadisələrdə ölüm sayının 30 faiz azaldılması
  • hadisələrdə xəsarət almış şəxlərin sayının 30 faiz azaldılması
  • hadisələrdə ümumi sayının 30 faiz azaldılması
  • hadisələrdə uşaq ölümü hallarının 50 faiz azaldılması 

Strateji məqsədlərə nail olmaq üçün bir neçə kateqoriyalara bölünmüş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

  • Yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetmə

Nəqliyyat sahəsində olan problemlərin bir çoxu qurumlar arasında səmərəli əlaqələrin olmaması və pərakəndəlikdən irəli gəlir. Bu sahədə nəzarət mexanizmlərinə daha böyük diqqət ayrılmalıdır. Yol hərəkəti təhlükəsizliyi yeni standartlar və yanaşmalar tələb edir. Burada avtomobil yollarının dövlət reyestrinin, avtomobil yolları şəbəkəsinin interaktiv elektron xəritəsinin, qəza təhlükəli yol sahələrinin və qəza ocaqlarının interaktiv xəritəsinin, yol-nəqliyyat hadisələri elektron məlumat bazasının, mövcud işıqforların, yol nişanlarının, nişanlama xətlərinin, yol hərəkətinin təşkili ilə əlaqədar digər texniki vasitələrin və dəmir yolu keçidləri xəritəsinin və s. elektron bazaların yaradılması nəzərdə tutulur. Bu məlumat bazalarının bir-birinə inteqrasiya olunması mütləqdir.

  • Təhlükəsiz yollar və yol hərəkətinin təşkili

Şəhər infrastrukturu və yollar daha təhlükəsiz şəkildə layihələndirilməlidir. Bura bütün aspektlər daxildir: səkilər, piyada keçidləri, hərəkət zolaqları, hərəkətin tənzimlənməsi və s. Təhlükəsiz yol hərəkətinin təşkilində insan faktoru çox önəmlidir. Belə ki, ani insan səhvləri fəlakətlərə yol verməməlidir. 

  • Təhlükəsiz nəqliyyat vasitələri

Nəqliyyat vasitələri özləri də təhlükəsizliyi təmin etməlidirlər, bu həm avtomobillərə, həm avtobuslara, həm də digər nəqliyyat vasitələrinə aiddir. Nəqliyyat vasitələrinin istismara yararlığı və yararsız maşınların yollardan uzaqlaşdırılması əsas məsələlərdən biridir. Dövlət standartları avtomobillərdən təhlükəsizlik kəmərlərinin, hava yastıqlarının, müasir əyləc sistemlərinin, uşaq avto oturacaqlarının, həmçinin təhlükəsiz buferlərin olmasını tələb etməlidir.

  • Təhlükəsiz yol hərəkəti iştirakçıları

İnsanlarla iş, eyni zamanda onların davranışına təsir etmə ən çətin məsələlərdən biridir. Buna baxmayaraq, bu sahədə də sürücülərin hazırlanması, davamlı təbliğat və təşviqat, maarifləndirmə işlərinin aparılması lazımdır.

  • Qəzasonrası tədbirlər

İnsanlar ilkin tibbi yardımın əsaslarına bələd olmalıdırlar. Əgər yol-nəqliyyat hadisəsi baş veribsə, zərər çəkənlərə maksimal dərəcədə tez ilkin tibbi yardım göstərilməlidir.

Dövlət proqramının bəzi tədbirləri haqqında ayrıca danışmaq istərdik.

Şəhərsalma və tikinti sahəsində fəaliyyətin, yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılması

Bu tədbir tikinti obyektlərinin layihələndirilməsi, tikintisi, yol-nəqliyyat infrastrukturunun uyğunluq meyarlarının yol hərəkəti təhlükəsizliyi tələblərinə uyğun olaraq təkmilləşdirilməsi haqqındadır. Qeyd edək ki, ərazilərin yol-nəqliyyat infrastrukturuna uyğunluğu üzrə yeni qaydalar hazırlanmalıdır və bu məsələlər hazırda hazırlanmaqda olan Bakı şəhərinin baş planında öz əksini tapmalıdır.

Daşımaların nəqliyyat növləri üzrə bölüşdürülməsi və müxtəlif nəqliyyat növlərinin qarşılıqlı əlaqəsinin təmin edilməsi

Bu bənd sırf inteqrasiya edilmiş nəqliyyat sistemi haqqındadır. İnteqrasiya olunmuş nəqliyyat sistemi sərnişinlərə bütün nəqliyyat vasitələrindən istifadə etməyə asan imkanlar yaradır. Sistem ictimai nəqliyyatdan istifadəni daha rahat edərək sərnişin sayını artırır.

Həmçinin proqramda şəhərdaxili ictimai nəqliyyat növlərinin sayının artırılması, tramvay, sərnişin gəmiçiliyinin təşkili imkanlarının və iqtisadi səmərəliliyinin araşdırılması, bu sahədə təkliflərin hazırlanması, Azərbaycan Respublikasının vahid nəqliyyat strategiyasının yaradılması nəzərdə tutulur. Qeyd edəki ki, bu məsələ xüsusən də Bakı şəhəri üçün çox aktualdır və şəhərin yol-nəqliyyat infrastrukturuna uyğun xüsusi nəqliyyat strategiyası və ya nəqliyyat siyasəti üzrə sənəd mütləq şəkildə olmalıdır. 

Avtomobil yollarında icazə verilən sürət həddinin optimallaşdırılması və yaşayış məntəqələri daxilində nəqliyyat vasitələrinin sürət həddinin küçə-yol şəbəkəsinin xüsusiyyətlərinə uyğunlaşdırılması

Hazırda dünyanın bütün proqressiv şəhərlərininin küçə və prospektlərində sürət həddi 50 km/s-dır (sakit küçələrdə isə sürət məhdudiyyəti 20-30 km/s olur). Şəhər küçələrində 80-90 km/s məhdudiyyətindən söz belə gedə bilməz. Qeyd etmək lazımdır ki, sürət həddinin sadəcə aşağı salınması kifayət deyil, bunumla yanaşı şəhər küçələrində nəqliyyatı tənzimləmək lazımdır. 

Piyadaların təhlükəsiz hərəkətinin təşkili və tənzimlənməsi.

Bu olduqca vacib məsələdir, çünki Azərbaycanda yol-nəqliyyat hadisələrində həlak olanların əksəriyəti məhz piyadalardır. Bu problemin qaynağı həm sürət həddinin yüksək olduğu küçə və prospektlər, həm yaşayış məntəqələrinin daxilindən keçən magistrallar, həm də düzgün təşkil edilməyən və ya ümumiyyətlə olmayan keçidlərdir.

Avtomobil yollarının buraxma qabiliyyətinin yüksəldilməsi və hərəkət sıxlığının azaldılması

Yolların buraxılış qabiliyyətinin artırılması ilə tıxaclarla mübarizə aparmaq mümkün deyil. Hələ də heç bir şəhər buna nail olmayıb, lakin küçə-yol şəbəkəsinin sərnişinlərlə ölçülən  buraxma qabiliyyətini artırmaq olar.  Bu o demək deyil ki, yol tikmək lazım deyil, ancaq bu addımlar avtonəqliyyat axınınının şəhərin mərkəzi hissəsindən kənarlara yönəldilməsinə və  küçə, yol şəbəkəsinin daha yaxşı əlaqələndirilməsinə təsir göstərməlidir. Bununla da şəhərdə avtonəqliyyat vasitələrinin izafi hərəkətini azaltmaq olar.

Velosiped zolaqlarının və duracaqlarının yaradılması

Anlamaq lazımdır ki, velosiped zolaqlarının və duracaqlarının yaradılması çox vacib məsələdir.  Belə ki, velosiped əyləncə və ya idman olmaqdan əlavə çox səmərəli nəqliyyat vasitəsidir. Velosiped zolaqları isə bir vedrə boya məsələsi deyil, onlar böyük həssaslıq ilə layihələdirilməli və bununla bağlı şəbəkə təşkil edilməlidir.

İctimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi

Burada söhbət əsasən  küçə və prospektlərdə avtobuslar üçün xüsusi ayrılmış hərəkət zolaqlarının, Bakı və ətraf şəhər, qəsəbə və kəndlərdə ekspress avtobus xətlərinin yaradılmasından gedir.

Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması

Burada ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması nəzərdə tutulur.

Avtonom (sürücüsüz) nəqliyyat vasitələrindən istifadə imkanlarının təhlil edilməsi

Avtonom (sürücüsüz) nəqliyyat vasitələrini yeni nəqliyyat inqilabı adlandırırlar. Bu bənddə qeyd olunan nəqliyyat vasitələrinin hərəkətinin təşkili məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və digər təşkilati-hüquqi məsələlərin həlli nəzərdə tutulur.

Nəqliyyat vasitələrinin utilizasiyasının təşkili  və nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətin, həmçinin onların texniki baxış qaydalarının təkmilləşdirilməsi.

Belə ki, proqrama görə texniki baxışı artıq DYP həyata keçirməyəcək və bu vəzifəni özəl texniki baxış məntəqələri icra edəcək, lakin bu özəl məntəqələr  texniki baxış qaydalarını pozarlarsa, onlar məsuliyyətə cəlb olunacaqlar.