AMAK-ın əsas fəaliyyət istiqamətlərindən biri də yol hərəkəti təhlükəsizliyidir. AMAK Azərbaycanda sürücülər və piyadalar arasında yol mədəniyyətini inkişaf etdirmək məqsədilə, bu sahədə müxtəlif əlaqədar dövlət qurumları ilə əməkdaşlıq vasitəsilə yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə və tədqiqat layihələri icra etməklə yol hərəkəti təhlükəsizliyini təbliğ edir.
Bildiyimiz kimi, 2004-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu məsələni öz şəxsi nəzarətinə götürməsi və yol hərəkətinin səmərəli təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsi nəticəsində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm irəliləyişlər əldə edilmişdir. Lakin buna baxmayaraq, aparıcı Avropa ölkələri ilə müqayisədə, Azərbaycanda yol-nəqliyyat hadisələri qurbanlarının sayı hələ də dəfələrlə yüksəkdir.
Yol hərəkətinin təhlükəsizliyi problemi bəşəriyyətin üzləşdiyi qlobal problemlərdən biri kimi qəbul edilir və ictimai səhiyyə problemi (ölümlə yanaşı, ciddi fiziki xətalar) olmaqla yanaşı, yol qəzaları hesablamalara görə, hər il təxminən 500 milyon manat dəyərində ölkə büdcəsinə ziyan vurur.
Bir çox inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yol-nəqliyyat hadisələri nəticəsində baş vermiş itkilərin qarşısının alınması mümkündür.
AMAK da dünya təcrübəsində yolların təhlükəsizliyini təmin etmək üçün səmərəli tədbirlər və mövcud müdaxilə mexanizmlərinin tətbiqini, müvafiq araşdırmaların aparılmasını ölkədə yol hərəkəti təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayaraq müxtəlif yol hərəkəti təhlükəsizliyi layihələrini icra edir.
Burada piyadalar arasında yol hərəkəti təhlükəsizliyi ilə bağlı piyadaların biliklərinin, agahlığının və ümumilikdə yol hərəkəti təhlükəsizliyinə olan münasibətlərini araşdırmaq məqsədilə aparılan tədqiqat layihəsi, orta məktəblərdə beynəlxalq səviyyəli tədris materiallarının tətbiqi ilə yol hərəkəti təhlükəsizliyi üzrə maarifləndirici layihələr, Bakı şəhərində fəaliyyət göstərən taksi şirkətlərində taksi sürücüləri və rəhbətlik üçün yol hərəkəti təhlükəsizliyi üzrə təlimlər və digər layihələri qeyd etmək olar.
Bu layihələrin icrasında AMAK Dövlət Baş Yol Polisi İdarəsi, Həyat Beynəlxalq Humanitar Təşkilatı, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi, Təhlükəsiz və Davamlı Nəqliyyat üçün Şərq Alyansı (EASST), Beynəlxalq Avtomobil Federasiyası (FIA) və digər təşkilatlarla əməkdaşlıq edir.
Yol Hərəkəti Təhlükəsizliyi Naminə Fəaliyyət
2011-ci ilin may ayında, BMT 2020-ci ilədək 50 milyon insan həyatını xilas etmək məqsədi ilə Yol Hərəkəti Təhlükəsizliyi üzrə Onillik Fəaliyyət proqramını elan etdi və FIA öz növbəsində Onillik Fəaliyyətə dəstək olaraq bütün dünyada Yol Hərəkəti Təhlükəsizliyi naminə Fəaliyyət layihəsinə start verdi.
Bundan əlavə, FIA Fondu hər il bir milyon avro miqdarında bütün dünyada FIA-ya üzv klublara BMT-nin Yol Hərəkəti Təhlükəsizliyi üzrə Onillik Fəaliyyətinin məqsədlərinə xidmət edən yol hərəkəti təhlükəsizliyi layihələrinə qrantlar vasitəsilə dəstək verir.



